Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu (UNFPA) arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Dövlət Statistika Komitəsindən unikal.org-a bildirilib ki, iyunun 8-də komitənin sədri Tahir Budaqovun UNFPA-nın Türkiyədəki nümayəndəsi, Cənubi Qafqaz üzrə regional direktoru Karl Kulessa ilə görüşündə məqsəd UNFPA və Azərbaycan hökuməti arasında məhsuldar əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri müzakirə etmək, eləcə də Azərbaycanda 2014-cü ildən sonra Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın tövsiyələrinin milli səviyyədə həyata keçirmək və UNFPA-nın müvafiq istiqamətlər üzrə dəstəyini yenidən təsdiq etməkdən ibarət olub.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə əldə olunan dayanıqlı inkişafdan danışıb. Demoqrafiya və əhali sakinliyi sahəsində də müsbət göstəricilərin müşahidə olunduğunu deyən Tahir Budaqov ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən ömür müddətinin uzadılmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunduğunu diqqətə çatdırıb. Əhali və demoqrafiya statistikası sahəsində mövcud olan rəsmi statistika hesabatı formalarının daim təkmilləşdirildiyini, gender bölgüsündə yeni göstəricilər əldə edildiyini bildirib.
Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2015-ci il 10 iyun tarixli 2015/10 nömrəli Qətnaməsində Əhali və mənzil fondunun siyahıyaalınması üzrə Ümumdünya Proqramının 2020-ci il mərhələsinə uyğun olaraq, üzv ölkələrə 2015-2024-cü illərdə ən azı bir dəfə siyahıyaalmanın keçirilməsi tövsiyə edilib. Proqramın hazırkı mərhələsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında məsələ 2016-cı il mart ayında Nyu-Yorkda keçirilən BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasının gündəliyində də öz əksini tapıb. Demoqrafik inkişafın daha dolğun qiymətləndirilməsi, sosial-iqtisadi inkişafla bağlı proqnoz və strategiyaların hazırlanması məqsədilə ölkədə əhalinin beynəlxalq standartlara və milli prioritetlərə əsaslanan növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulur.
BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllərin nəzərə çarpdığını bildirib. Qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə mühüm rol oynayacağını qeyd edib. UNFPA öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə etmiş Dövlət Statistika Komitəsinin işini yüksək qiymətləndirir və uzun müddətdir ki, onu beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması və təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıyır.
Bildirilib ki, Dövlət Statistika Komitəsi 2016-2020-ci illərdə ölkə üzrə IV proqramın yerinə yetirilməsi ilə bağlı UNFPA-nın əsas tərəfdaşlarından biridir. UNFPA-nın strateji layihə işlərindən biri də əhali dinamikası üzrə siyasətin inkişafı üçün cins, yaş və regionlar üzrə mövcud və əlverişli məlumatların toplanması, təhlili, yayımlanması və istifadəsi üçün milli institusional bacarıqlarının daha da gücləndirilməsində Azərbaycan Respublikası hökumətinə dəstəkdən ibarətdir. Bu sahədə əsas fəaliyyət istiqamətlərinə məlumatların toplanması, dərin təhlili və tədqiqatı, potensialın artırılması daxildir. Hazırda UNFPA Dövlət Statistika Komitəsi üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətindədir. Əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə SAS proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə treninqin bu il iyulun 11-15-də Bakıda keçirilməsi nəzərdə tutulub.
Görüşdə ölkəmizdə keçiriləcək növbəti əhalinin siyahıyaalınması prosesində əvvəlki siyahıyaalınmada nəzərə alınmayan məsələlər və siyahıyaalınmanın sorğu vərəqinin təkmilləşdirilməsinin vacibliyi, beynəlxalq müqayisəliliyin təmin olunması məsələlərinə də toxunulub. Əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.