“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında  martın 3-də “açıq qapı” günü keçiriləcək.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək. 
"“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir. 
“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.
Xatırladaq ki, Azərbaycanda 10 milli park var;
1.    Abşeron Milli Parkı
2.    Altıağac Milli Parkı
3.    Şahdağ Milli Parkı
4.    Samur-Yalama Milli Parkı
5.    Şirvan Milli Parkı
6.    Hirkan Milli Parkı
7.    Ağgöl Milli Parkı
8.    Göygöl Milli Parkı
9.    Qızılağac Milli Parkı
10.    Zəngəzur Milli Parkı".

Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, bu il milli parklarda uşaqlar üçün "Təbiəti dərk et-əylən" tipli güşələr yaradılacaq: "Burada məqsəd gənc nəslin, uşaqların milli park ərazilərində vaxtının daha səmərəli və maraqlı keçirməsinə nail olmaqdır. Təbiəti dərk et-əylən" tipli guşələrdə uşaqlar üçün interaktiv, məntiqi, müxtəlif məzmunlu təbiətə aid oyunların keçirilməsi nəzərdə tutulub".

Qeyd edək ki, 01 mart 2019-cu il tarixindən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə foto müsabiqəyə start verilir.
Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər Nazirliyin rəsmi facebook və instagram səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin  müəllifi  “22 may Beynəlxalq biomüxtəliflik günü” ərəfəsində mükafatlandırılacaq.
İştirakçılardan fotoların [email protected], Nazirliyin facebook (https://www.facebook.com/eco.gov.az/) və instagram (https://www.instagram.com/ecogovaz/) səhifəsinin mesaj bölməsinə göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 012-492-41-73