Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi görüşləri davam edir. Növbəti görüş martın 9-da rayonun Qaradeyin kəndində baş tutub. 

Unikal.org xəbər verir ki, görüşdə millət vəkili geniş və əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan - həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açdı. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən Cavid Osmanov cənab Prezidentimizin son günlərdə imzaladığı Fərman və Sərəncamlara da diqqət çəkib. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. Cavid Osmanov bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Prezidentimizin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosial yönümlülüyünün təmin edilməsi və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələrin həllini tapması da təsadüfi deyildir.

Millət vəkili Cavid Osmanov görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı onu da bildirdi ki, Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu və davamlı inkişaf mərhələsi keçməsi anti-Azərbaycan dairələrin narahatlığına səbəb olur. Buna görə də ölkəmizə qarşı müxtəlif formalarda, xüsusilə də sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparmağa cəhd edən şəxslər vardır ki, bunlara zamanında lazimi cavablar verilməlidir.

Görüşdə çıxış edənlər – Osman Alıyev, Fərhad Vəliyev, Eldəniz Hüseynov, Məhəmmədəli Mustafayev, Səməd Məmmədov, Bəhlul Mustafayev və Rəhilə İsayeva bildirdilər ki, cənab Prezidentimiz İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını, ağdaşlıların hər zaman Prezidentimizə dəstək olduqlarını və bundan sonra da dəstək olacaqlarını, onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.
Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edilib.

Keçirilən tədbirdən sonra bir qrup görüş iştirakçıları ilə birlikdə Cavid Osmanov xəstə olan kəndin nüfuzlu ağsaqqalı Əsgər İsayevin yaşadığı evə getmiş, onunla və ailə üzvləri ilə görüşmüş, səmimi söhbət etmiş, qocaman partiya üzvünün problemləri ilə maraqlanmış, tezliklə sağalıb sıralarımıza qayıtması üçün allahdan ona şəfa diləyib.