Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasında "Açıq qapı" günü keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, əvvəlcə BDU rektoru, akademik Abel Məhərrəmovun iştirakı ilə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. "Açıq qapı" günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları cavabların yoxlanılması üçün universitetin hər korpusunda ayrılmış xüsusi otaqlara baş çəkib, yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlıqlara göndərilməsi prosesinə də qatılıblar.

İmtahan prosesinin təşkilindən və keçirilməsindən, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən "Açıq qapı" günü iştirakçıları obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.



BDU-da
BDU-da