"Sən bir kənd müəllimi, mən bir kolxozçu qız"
12:06 27-09-2012
İQTİSADİYYAT
"Sən bir kənd müəllimi, mən bir kolxozçu qız"
Yaşlı oxucular sovet dövrünün bu şit və kabinet sifarişi ilə yazılmış mahnısını yaxşı xatırlayarlar. Rəhmətlik Aatollu Qəniyevin xüsusi şövqlə oxuduğu bu mahnının daşıdığı reallıqdan cəmi bircə fakt qalıb: fağıq və imkansız kənd müəllimi... Kəndin kolxozçu qızları daha yoxdur. Teleseriallara baxan qızlar qalıb.
Ötən yazılarımızda kənd müəllimlərinin problemləri barədə çox yazmışıq. Bu dəfə bu mövzuya bir daha qayıtmağımızın səbəbi dərs ilinin elə ilk günlərindən rayonlarımızın orta məktəblərindən gələn ilginc məlumatlar oldu. Təhsil Nazirliyindən aldığımız məlumata görə, növbəti tədris ilində həvəsləndirmə tədbirləri tətbiqi olunmaqla 800 nəfər pedaqoji kadr ucqar kənd məktəblərinə göndərililib. Həmin kadrların 100-nün Naxçıvan Muxtar Respublikası üçün ayrıldığını, qalan vakant yerlərin 309-unun rayon mərkəzindən 20 km-dək, 391-nin isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərə yerləşdirilib.
Həqiqətən də kənd məktəblərində bu layihənin icra olunmasına çox böyük ehtiyac var idi. Deyəsən, uzun müddətdir müzakirə edilən kənd məktəblərində müəllim problemi məsələsi yavaş-yavaş öz həllini tapmağa çalışır. Təhsil sistemimizdə narahatlıq doğuran əsas məqam kənd məktəblərində təhsilin qeyri-bərabər paylanmasıdır. Ölkəmizin bəzi ucqar kəndlərində ixtisas müəllimləri çatışmırdı. Məsələn, riyaziyyat fənnini kimya, coğrafiya fənnini fizika və ya bədən tərbiyəsi müəllimləri tədris edirlər. Ona görə də bu cür kənd məktəblərində təhsilin səviyyəsinin hansı səviyyədə olmasını təsəvvür etmək elə də çətin deyil.
Sovet dövrünün ən hörmətli adamları müəllimlərlə və həkimlər sayılardılar. Onda camaat onlara qeyri-adi insanlar kimi baxardırlar. O vaxt müəllimlər də, elə həkimlər də rayon yerinə təyinat alan kimi gedirdilər. İndi isə kənd yerlərinə göndərilən müəllimlərin təminatı 3 il müddətinə həyata keçirilir, yəni şəhərdən 30 km uzağa gedən şəxsə sosial təminatı ilə birlikdə maaşından əlavə 30% vəsait verilir. Təbii ki, bu 3 il ibtidai təhsil pilləsinin ancaq 3 ilini təşkil edir, daha sonra həmin müəllim oranı tərk edir.
Təhsil eksperti Əlövsət Osmanlı hesab edir ki, kənd yerlərinə göndərilən müəllimlərə güzəştlər axıra qədər tətbiq edilməlidir. Kənd məktəblərində müəllimlərin maraqlarına uyğun şərait yaradılmalıdır: “Müəllimlərin kəndlərdə çoxlu məişət problemləri var, ona görə də müəllimlər rayonlara getmirlər. Müəllimlərin maaşları 30% artırılıb, amma bununla problem həll olunmur. Çünki bu maaşla kənd yerində onların problemllərini həll etmək mümkün deyil”.
Təhsil ekspertinin fikrincə, müəllimlərə maaşla yanaşı ən azından torpaq sahələri verilməlidir. Bundan başqa, onlar yaşayacaqları yerlərdə yanacaqla da təmin olunmalıdırlar. Əlövsət Osmanlının sözlərinə görə, bütün bunlar haqda mətbuatda çoxsaylı yazılar yazılıb. Ancaq deyilənlər ancaq söz olaraq qalıb, lakin heç biri icra olunmur. Elə buna görə də rayona təyinat alan müəllimlərin gözləri qorxub.
“Əgər bu problem qoyulursa, dövlət davamlı olaraq onun həllinə nail olmalıdır. Neçə illərdir bu söhbət gedir, mətbuat səhifələrində çıxır, amma nəticə yoxdur. Bu o deməkdir ki, Təhsil Nazirliyi bu işdə maraqlı deyil”,- deyə təhsil eksperti əlavə etdi.
Təhsil ekspertinin sözlərinə görə, müəllimlərin imtahan əsasında işə qəbul olunması anlaşılmazdır: “Əgər tələbə ali məktəbi bitirirsə, diploma alırsa və diplomunda müəllim ixtisası yazılırsa, onda nəyə görə o imtahan verməlidir. Bəs onda o, nə üçün diplom alır?”.
Təhsil eksperti problemin həlli istiqamətində kəndə göndəriləcək müəllimin əmək haqqının 3-4 dəfə artırılmasını, onlara torpaq sahələri verilməli olduğunu bildirir. Həmçinin bu problemin həlli üçün rayon yerlərindən uşaqları seçib şəhərə oxumağa göndərmək və daha sonra onları rayonlarına geri göndərib işlə təmin etmək də olar. Eyni zamanda kənd məktəblərində kadr problemini həll emək üçün müəllimlərə tətbiq ediləcək güzəştlərin müddəti artırmaq lazımdır.
Müəllim peşəsi ilə bağlı narahatlıq doğuran məqamlardan biri də sosiallaşmanın pozulmasıdır. Son zamanların göstəricilərinə diqqət yetirdikdə bu sənətə əsasən qızların daha çox üstünülük verdikləri məlum olur. Yəni, müəllimlik sənəti artıq qadın sənətinə çevrilməyə başlayıb. Məsələn, Yaponiyada bağçalarda kişilər tərbiyəçi işləyirlərsə, bizdə bu cür hala rast gəlmək mümkün deyil. Təxminən müəllimlərin 85%-i qadın, 15%-nı isə kişilər təşkil edir.
Artıq bu ildən kənd məktəblərinə 800 müəllim göndərilib. Ümid ancaq bu işin davamlı olacağına və bu problemli sahədə tədricə irəliləyişin olacağına qalır.
Sözardı: Ötyən yazılarımızda dəfələrlə qeyd etmişik ki, güclü cəmiyyətin və güclü dövlətin təməli təhsilə göstərilən qayğıda yuvalanıb. Azərbaycanəın Cənubi Qafqazın lider dövləti olduğunu və gələcəkdə də belə olacağını yorulmadan təkrar edən məmurlarımız, sadəcə, bir faktla, Azərbaycan müəlliminin real iqtisadi durumundan həqiqi mənada xəbərdar olsaydılar, fikrimizcə, səslərinin tonunu bir qədər dəyişdirərdillər...
Aynur
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00