Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org Trend-ə isinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə A.Məmmədov istintaq zamanı bir neçə dəfə ifadə verdiyini bildirib. O, R.Məmmədovdan hər hansı tapşırıq almadığını və İ.İsfəndiyarovun tapşırığı ilə Zabil Salmanovla görüşdüyünü bildirib: "Ona obyekti satmasını təklif etmişəm. Lakin hədə-qorxu gəlməmişəm".
Hakimin suallarını savablandıran A.Məmmədov dələduzluq faktı üzrə özünü təqsirli bildiyini deyib.
Daha sonra prosesdə Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov ifadəsində deyib ki, R.Məmmədov tərəfindən dövlətə 254 676 manat ziyan vurulub və həmin məbləğ mayın 19-da ödənilib. O, hər hansı tələblərinin olmadığını deyib.
Proses iyunun 14-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən ilin mayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.