"Baku Development Club"un vitse-prezidenti, "The-V" world təlimçilər akademiyasının üzvü və təlimçisi, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin məzunu Orxan Bayramov və klubun digər üzvləri Türkiyənin Karaman şəhərinin Ermenek qəsəbəsində Avropa Birliyinin Erasmus proqramı çərçivəsində "Bir insan qurtar, dünyanı qurtar" mövzusunda təlimdə və "Azərbaycan gecəsi"ndə iştirak ediblər.
Unikal.org xəbər verir ki, gecədə Azərbaycan rəqsləri, musiqiləri, yeməkləri avropalılara təqdim edilib, video təqdimatlarla ölkəmizdə keçirilən beynəlxalq yarışlar və tədbirlərdən danışılıb.
Tədbirin yekununda Ermenek bələdiyyə başqanı Uğur Sözkesen Azərbaycan komandasına üç min il yaşı olan sədr ağacı hədiyyə edib. Hədiyyəni Bakıya gətirən Orxan Bayramov "Baku Development Club" İdarə Heyətinin ümumi qərarına əsasən, ağacı vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetinə bağışlayıb.
Qeyd edək ki, "Baku Development Club" Avropanın 20-dən çox ölkəsi ilə müqaviləsi olan, beynəlxalq tədbirlərdə azərbaycanlı gənclərin və iş adamlarının iştirakını təmin edən, seminar və təlimlər keçirən şirkətdir.