Siqaret çəkmək pis vərdişlər içərisində ən öldürücü olanıdır. Siqaretin zərərlərini daha da artıran onun tək çəkən insana deyil, ətrafdakı insanlara da zərərli təsir etməsidir. Siqaretin tərkibində 4000-dən cox zərərli kimyəvi maddə var, bunlardan 81-i birbaşa xərçəng səbəbi ola bilər. Ancaq siqaretdən asılılığın əsas səbəbi NİKOTİNdir.
Asılılıq yaratmasına görə eroin, kokoin və alkoqollu içkilərdən fərqi yoxdur. Nikotin qanın laxtalanma riskini, arterial təzyiqi və ürək döyüntülərini artırır. Siqaret tüstüsündəki CO qazı qanın oksigen daşıma həcmini azaldır və tez yorulmaya səbəb olur. Kişilərdə xərçəngə baglı ölümlərin 35 %-nin, qadınlarda 15 %-nin səbəbi siqaretdir. Ağciyər xərcənginə baglı ölümlərin 90 % səbəbi siqaretdir. Siqaret çəkənlərdə ağciyər xərçəngindən başqa ağız, dil, qırtlaq, yemək borusu, pankreas, böyrəklər, prostat xərçənginə tutulma riski 30 dəfə artıqdır. Xroniki bronxit, XOAX, emfizemanın əsas səbəbi də siqaretdir. Siqaret çəkilən evlərdəki körpələrdə orta qulağın iltihabı və tənəffüs yolu xəstəliklərinə daha tez-tez tesadüf edilir.
Xanımlar və siqaret. Son zamanla ətrafımızda siqaret çəkən xanımların sayının artmasını müşahidə edirik və yavaş-yavaş buna alışmağa başlayırıq. Çox da uzaq olmayan keçmişimizdə bu hal cəmiyyətin kəskin tənqidi ilə qarşılaşırdı. Qadın Ana, gözəlliyin və təmizliyin rəmzi sayılırdı. Kişi və ya qadın olmasından asılı olmayaraq siqaret hamı üçün çox zərərli bir vərdişdir,ancaq qadın orqanizmasına vurduğu zərər daha böyükdür.Gün ərzində 10 siqaret çəkən bir xanımın hamilə qalmaq şansı 2 dəfə azalır. Siqaretlə eyni zamanda kontraseptik dərmanlardan istifadə edən xanımların ürək damar xəstəliklərinə tutulma şansı dəfələrcə yüksəlir. Siqaret çəkən hamilələrdə düşük qorxusu 5 dəfə artır. Hamiləlik normal sonlansa belə bu körpələrin zehni və fiziki qusurlarla doğulması ehtimalı çox yüksəkdir. Hamilə qalmağı planlayan siqaret çəkən xanımlara hamiləlikdən 6 ay əvvəl siqareti durdurması məsləhətdir. Daxili orqanlarda meydana gələn xəstəliklərlə yanaşı siqaret xarici görünüşə də çox pis təsir edir.Dəri öz təravətini daha tez itirir,siqaretin təsiri ilə dəri quru və boz rəng çalarlarında olur. Sağlam gülüşün təməli olan dişlər saralır və damaq xəstəlikərinə bağlı ağızdan pis qoxular gəlir. Daha “yüngül” siqaretlərin çəkilməsinin az zərərli olması böyük bir yanlışlıqdı. Siqaretin stressin qarşısını alması fikri də yanlışlıqdı, çünki siqaretə alışmış biri siqaret çəkə bilmədiyi zaman yaşadığı stress daha çox əzab verir. Siqaretdən planlı, düzgün həkim kontrolu və lazmlı dərmanlar istifadə edərək qurtulmaq mümkündür.
Siqareti tərgitmədəki çətinliklərin səbəbi də onun tək fiziki deyil eyni anda psixoloji asılılıq yaratmasıdır. Siqaret tərgitmək istəyənlər bilməlidir ki, ortaya çıxan narahatlıqlar daimi deyildir, düzgün həkim kontrolu, müalicə və səbrlə həll ola bilər. Siqareti tərgitdikdən sonra meydana çıxan narahatlıqlar və davam etmə müddəti aşağıda qeyd edildiyi kimidir.
Yuxusuzluq 1 həftə
Siqaret çəkmək istəyi və fikri cəmləyə bilməmək 2 həftə
Depressiya /əsəbilik, narahatlıq hissi 4 həftə
Qəbizlik, ağız içində yaralar 4 həftə
Yemək istəyinin artması 10 həftə
Siqareti tərgitmək istəyən insanların 50 %-i düzgün yönləndirildikdə buna nail ola bilirlər. Müalicənin əsasını nikotin əvəzedici terapiya və uyğun həblər təşkil edir. Eyni zamanda düzgün həyat tərzinə yönəlmək, siqaret çəkməyə meyl yaradacaq bütün vasitələrdən (maşında və evdə külqabılar, siqaret qutuları) və siqaret çəkməyə meylli çevrədən uzaq durulması məsləhət görülür.
Baku Medical Plaza klinikasının Pulmonoloqu - Dr. Əsəd Beydullayev Ünvan: Xətai rayonu, Babək prospekti 92N. Tel.: 050 644 70 17