Etibar Pirverdiyevin etibarsız "Azərenerji"si
13:08 29-09-2012
İQTİSADİYYAT
Etibar Pirverdiyevin etibarsız "Azərenerji"si
Azərbaycan yenə işıqsız qaldı, ekspertlərin tənqidi gecikmədi
Dünən Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub. Bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.
Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.
Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Enerji qəzası Bakıda
nəhəng tıxaclar yaratdı
Bakıya verilən elektrik enerjisinin kəsilməsi səbəbindən paytaxtın bütün yollarında böyük avtomobil tıxacları yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlər yaradıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.
Artıq əksər işıqforların fəaliyyəti bərpa edilib. Paytaxtda avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.
"Azərenerji" qəza
haqqında nə dedi?
"Azərenerji" ASC Azərbaycanın enerji sistemində dünən səhər saatlarında baş vermiş qəza ilə əlaqədar açıqlama yayıb.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada bildirilir ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb. "Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub" deyə açıqlamada bildirilib.
Bakı metrosu iflic oldu
Dünən saat 6:44-də "Azərenerji" sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı Metropoliteninin də fəaliyyəti məcburi dayanıb. Bakı Metropolitenindən verilən məlumata görə, həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar.
Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.
İşıq qəzası AZAL-ı və
dəmiryolunu da "vurdu"
Azərbaycan ərazisində elektrik enerjisi ilə təchizatda yaranan problemlər dəmir yolu nəqliyyatının hərəkətinə təsir edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, hazırda daxili və beynəlxalq reyslər üzrə qatarların Bakıya gəlməsində 3-4 saatlıq gecikmələr yaranıb: "Bildiyiniz kimi, vaqonların hamısı elektrovoza birləşdirilir. Lakin yaranan problemlə bağlı vaqonlar elektrovozdan ayrılaraq teplovozlara qoşulur və bu da müəyyən vaxt tələb edir. Bu səbəbdən qatarların mənzil başına çatmasında müəyyən gecikmələr yaranıb".
İşıq qəzası AZAL-ın da işini əngəlləyib. Belə ki, bəzi reyslərin uçuşunda ləngimələr əmələ gəlib.
Yeganə günahkar
ildırımdırmı?
Son işıq qəzası bir təbii hadisənin nəticəsi olsa da, dünən əksər ekspertlər baş verən qəza ilə bağlı "Azərenerji"yə yükləniblər. Onların fikrincə, ildırım düşməsi Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun səbatsızlığını növbəti dəfə ortaya qoyub. "Belə çıxır ki, ölkənin ən iri elektrik stansiyasında ildırımötürücü qurğular yoxdur. Əks təqdirdə ildırım necə stansiyaya düyşə bilərdi? Əgər Mingəçevir SES-də həqiqətən də ildırımötürücü qurğular yoxdursa, bu, Etibar Pirverdiyev və onun rəhbərlik etdiyi səhmdar cəmiyyətin böyük nöqsanıdır və buna görə onların cavabdehliyi var" deyə bir çox ekspertlər məsələ ilə bağlı ümumi şəkildə bu cür ortaq mövqe sərgiləyiblər.
""Azərenrji"yə nə
ehtiyac var onda?!"
Tanınmış iqtisçadçı-ekspert Zöhrab İsmayıl isə bir qədər də dərinə gedib və facebook-dakı səhifəsində "Azərenerji"ni ağır bir dildə ələşdirib: ""Azərenerji" SC nəyə lazımdır? Elektrik enerjisini Mingəçevir, Şirvan, Şimal və başqa elektrik stansiyaları istehsal edirsə, onlar özləri ayrıca dövlət şirkətləri kimi fəaliyyət göstərməsinlər? "Azərenerji" həm istehsalçıdır, həm ötürücüdür, həm də regionlarda enerji paylayıcıdır. Ümumən bu SC niyə Bakıda oturur. Onun ofisini çoxdan ya Mingəçevirə, ya da Şirvana köçürmək lazım idi.
Enerji sektoru indiki çürük sistemin bir parçasıdır. Burada islahatlar aparılmalı, funksiyalar dəqiqləşməli, büdcə və dövlət pullarını yemək saxlanılan "Azernerji" SC kimi qurumlar isə ləğv edilməlidir. İstehsalçılar enerjini ötürücü şirkət vasitəsilə paylayıcı şirkətlərə çatdırmalı, sonuncular isə xidmətdən aldıqları vəsaitlərin hesabına aldıqları enerjinin pulunu birbaşa istehsalçıya ödəyə biləcək. Bu halda elektrik stansiyalarına birbaşa investisiya qoymaq və sistemlərini yenidən qurmaq imkanları olacaq...
Mən hələ özəlləşdirmədən danışmaq istəmirəm. Bunlar restrukturlaşdırma tədbirləridir. Enerji sektorundakı istehsalçılar və xidmət göstərənlər dövlət sektorunda da qala bilərlər, səhmləşdirilə də bilərlər. Əsas odur ki, bu şirkətlər bazar iqtisadiyyatının subyekti kimi işləsinlər və korporativ idarə olunsunlar..."
Etibar Pirverdiyev
dövlətə ziyan vurmaqda
davam edir
Qeyd edək ki, artıq biz "Azərenerji"nin ölkəni işıqsız qoymasına adət etmişik. Bu proses artıq bir neçə dəfə təkrarlanıb.
2011-ci ildə Azərbaycanda baş verən qeyri-sabit hava şəraiti nəticəsində Bakı və Bakıətrafı ərazilərdə bir neçə saat elektrik enerjisi kəsildi.
Bundan başqa, 2009-ci ildə yay aylarında da dağlıq ərazilərdən birində "Azərenerji"nin yüksək gərginlikli elektrik enerji dayaqlarından birində qısaqapanma baş verməsi nəticəsində yenə də paytaxt Bakı və Azərbaycanın əksər əraziləri qaranlığa qaldı.
Ekspertlər isə hesab edir ki, dünənki işıqsızlıq da daxil olmaqla, hər dəfə bu cür hadisə baş verərkən dövlətə külli miqdarda ziyan dəyir. "Dünən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin qabaqlayıcı tədbirlər görməməsi bütün ölkəni qaranlığa qərq etdi. Təxminən 3 saata yaxın Azərbaycan, xüsusən də paytaxt Bakı iflic oldu. Bütün sərnişin nəqliyyatı dayandı, metroda qatarlar hərəkətsiz qaldı. Yüzlərlə sərnişin metro stansiyalarında tunellərdə qaldı. Azərbaycanın dəmir yolu və hava nəqliyyatlarında hərəkət tam olaraq dayandı. Həmin vaxtlarda xəstəxanalar və dövlət müəssisələrində də elektrik enerjisində fasilənin yaranması bu müəssisələrə də ciddi ziyan vurdu. "Azərenerji"nin səriştəsiz və məsuliyyətsizliyi dövləti külli miqdarda ziyana saldı" - bunu isə "Olaylar" İnformasiya Agentliyi yazıb.
Və sonda:
Artıq bir daha sübut olunur ki, Etibar Pirverdiyevin rəhbərliyi altında "Azərenerji" ciddi idarəçilik böhranı keçirir və bu, mütəmadi olaraq, işıq böhranına yol açır. Dövlətə və vətəndaşlara ağır maddi zərərlərə gətirib çıxarır.
Bir daha heç şübhə qalmır ki, Etibar Pirverdiyev "Azərenerji"yə rəhbərlik etdiyi müddətcə, ölkənin işıq təchizatı etibarsız əllərdədir. Odur ki, bu məsələyə bir əncam çəkmək vaxtı gəlib çatıb. Daha ağır fəsadlar yaşamadan hökumət bu işə qol qoymalıdır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55