Xəbər verdiyimiz kimi, Azərbaycan futbol üzrə milli komandasının keçmiş üzvü (2007-2011) Saşa Yunisoğlu küçənin ortasında döyülüb. 2 nəfər naməlum şəxs Xətai rayonu N.Rəfiyev küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Saşa Yunisoğluya hücum çəkib.
Unikal.org xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlu naməlum şəxslər tərəfindən döyülməsi barədə “facebook” hesabında yazıb. Onun bildiriyinə görə, hadisə evinin yaxınlığında baş verib:
“Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa, doğrudur. Hadisə belə olub. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım. Park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istəyərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan, sifətlərini görmədim. Biri mənə nəsə dedi və yanımdan maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim. Səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım. Bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç bir yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz,inşallah! Çünki cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı hörmət var”.