«Azərikimya» İstehsalat Birliyində 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş geniş tədbir keçirilib. Kimyaçılar öncə Ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət etmiş, önünə tər güllər düzüblər.
Sonra Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilib. 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olmaqla, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Qeyd edilmişdir ki, Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, iqtisadi tənəzzülə son qoyuldu, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradıldı.
Ulu öndərin Neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər vurğulayıblar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır. Natiqlər Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu da xüsusilə vurğulayıblar.
Tədbirdə çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qeyd etmişdir ki, indi xalqımız Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, dövlətçiliyimizin qorunması, yeni-yeni iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sabaha böyük ümid və inamla baxır. Ümummilli liderimizinin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin ölkə başçısı tərəfindən yeni şəraitdə uğurla davam etdirilməsi Azər-baycanı qüdrətli bir ölkəyə çevirəcək və beynəlxalq aləmdə onun mövqeyini daha da möhkəmləndirəcəkdir.