Məmurların "VAZ düşmənçiliyi"nin gizlinləri
12:51 03-10-2012
İQTİSADİYYAT
Məmurların "VAZ düşmənçiliyi"nin gizlinləri
Rusiya istehsalı olan avtomobillərə Azərbaycanda qoyulan qadağanın səbəbləri "Unikal"da
Yaxud, VAZ-dan imtina edən Azərbaycan məmurlarının "rus ayısı" ilə təhlükəli "vals"ı
Məlum olduğu kimi oktyabr ayının birindən etibarən Rusiya istehsalı olan avtomobillərin ölkəmizə gətirilməsinə rəsmi şəkildə qadağa qoyuldu. Bunu iki gün öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlayaraq bildirdi ki, "VAZ-21014" və "VAZ-21015" markalı avtomobillərin ölkəyə gətirilməsinə icazə verilmir. Məlumat üçün bildirək ki, bu ilin may ayından isə Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomobillərin də Azərbaycana gətirilməsinə qadağa qoyulub. Verilən rəsmi açıqlamalarda idxalın qadağan olunması həmin avtomobillərdə ABS antibloklama sistemi və təhlükəsizlik yastıqlarının olmaması ilə izah edilir.
Amma bir çox ekspertlər bunun bəhanədən başqa heç nə olmadığın düşüncəsindədir. Onların bildirdiyinə görə, tələb olunan standartlara cavab verməyən yalnız Rusiya istehsalı olan avtomobillər deyil. Amma nədənsə bu qadağalar tutaq ki, Koreya istehsalı olan maşınlara tətbiq olunmadığı halda həvəslə Rusiya avtomobillərinə şamil edilir. Bu isə haqlı olaraq ortaya müəyyən şübhəli məqamların çıxmasını şərtləndirir. Bildirək ki, əslində Azərbaycanda belə bir qadağanın qüvvəyə minəcəyi gözlənilən idi. Belə ki, məmurlarımızın "VAZ düşmənçiliyi" çoxdan tutmuşdu və Rusiya istehsalı olan avtomobillərə qarşı sözün əsl mənasında anti-təbliğat kampaniyası aparılırdı. Hətta iş o yerə çatmışdı ki, sözügedən avtomobillərin ölkəmizdəki rəsmi disstribütoru olan "Xəzər-Lada" Açıq Səhmdar Cəmiyyəti Respublika Baş Dövlət Yol Polisi İdarəsinin VAZ markalı avtomobillərin təhlükəli olması ilə bağlı bəyanatına cavab vermək zorunda belə qalmışdı. "Xəhər Lada" ASC-nin idarə heyətinin sədri Fəxrəddin Qasımzadə bununla bağlı bildirmişdi ki, VAZ markalı avtomobillərin bütün modellərinin, xüsusilə "VAZ-21074" markalı avtomobilin gövdəsi xüsusi poladdan hazırlanmış metal qurğularla möhkəmləndirilib, kuzası tamamilə metaldan yığılıb: "Bu model isə 2008-ci ildə yeniləşdirilərək beynəlxalq təhlükəsizlik normalarına cavab verən yüksək markalı polad karkasla yığılıb, əyləc sistemi yeniləşdirilib, təhlükəsizlik kəmərləri möhkəmləndirilib_. Onun sözlərinə görə, bu avtomobilin bütün modellərində nizamlayıcı təhlükəsizlik kəmərləri var. "Priora" və "Kalina" modelləri isə təhlükəsizlik yastığı, ABS, sükanı idarə etmənin gücləndiricisi, parktronik sistemi, kondisioner, tunelə girdikdə işıqların avtomatik yanması və s. bu kimi təhlükəsizlik vasitələri və komfortla təchiz edilib". Daha sonra isə Fəxrəddin Qasımzadə Azərbaycanda aşağı və orta təbəqə nümayəndələrinin məhz bu avtomobillərə üstünlük verdiyini önə çəkərək qeyd etmişdi ki, polis orqanının məlum bəyanatı haqlı rəqabətə ziyan gətirir.
Göründüyü kimi artıq uzun illərdir ki, Azərbaycanda VAZ-a qarşı hücum kampaniyası aparılır və bu kampaniya artıq öz nəticəsini verib. Maraqlıdır, bəs bu zücum kampaniyasının səbəbləri nədir və kampaniya kimə qarşı yönəlib?
Bu suala cavab tapmaq istiqamətindəki araşdırmamıza keçməzdən öncə qeyd edək ki, hazırda Azərbaycanın avtomobil bazarında liderliyi məhz Rusiya avtomobilləri, xüsusən də VAZ modelləri edir. Rəsmi məlumata görə, Azərbaycanda qeydiyyatdan keçmiş avtomobillərin (minik, sərnişin, yük və s.) sayı 1 milyondan artıqdır. Həmçinin yenə rəsmi məlumatlara əsasən qeydiyyatda olan avtomobillərin təxminən yarısını, yəni 468 minini VAZ avtomobilləri təşkil edir. Belə bir mənzərənin yaranmasının əsas səbəbi isə Rusiya avtomobillərinin qiymətinə görə digər analoqlarından xeyli ucuz olmasıdır. Eyni zamanda Rusiya avtomobillərinin texniki baxımdan daha sadə sistemə malik olması və ehtiyat hissələrinin digərləri ilə müqayisədə dəfələrlə ucuz olması aztəminatlı təbəqənin bu avtomobillərə müraciət etməsini stimullaşdırır.
İndi isə Rusiya istehsalı olan avtomobillərə qarşı hücum kampaniyasının səbəblərini araşdırmağa çalışaq. Burada bir məqamı da unutmaq və kənara qoymaq olmaz ki, əslində sözügedən avtomobillərin texniki göstəricilərinin aşağı olması fikrini heç də qərəzli saymaş düzgün deyil. Hər halda təqdim olunan rəsmi statistika da bunun məhz belə olduğunu düşünmək üçün əsaslar yaradır. Rəsmi məlumatlara görə, ötən il yol qəzalarının 51,6 faizi Rusiya istehsalı olan VAZ markalı avtomobillər tərəfindən törədilib. Odur ki, bu yazıda məqsəd heç də VAZ avtomobillərini tərifləmək deyil. Sadəcə olaraq düşünürük ki, qəbul edilən qərar təkcə texniki cəhətdən yox, həm də iqtisadi mübarizə sferasında araşdırılmalıdır.
Hesab edirik ki, qüvvəyə minmiş qadağa ölkədəki maşın bazarına nəzarət uğrunda aparılan mübarizənin bir hissəsidir. "Unikal"a danışan mənbənin sözlərinə görə, "Xəzər-Lada" prezidentin sabiq köməkçisi qeyri-rəsmi olaraq Tariyel Ağayevin nəzarətində idi və onun hakim dairələrdəki mövqeyinin laxlaması nəticə etibarilə biznes dayaqlarının da çökdürülməsi ilə müşaiyyət olunur. Mənbənin sözlərinə görə, "Xəzər-Lada" ASC-nin hazırkı prezidenti Fəxrəddin Qasımzadə T.Ağayev etibarlı adamıdır və bu vəzifəyə də məhz lnun köməkliyi ilə gətirilib. İndi baş verənlər isə belə düşünməyə əsas verir ki, artıq Tarıyel Ağayev əvvəlki gücündə olmadığından belə bir qərarın qəbulu o qədər də çətin olmayıb.
Bununla belə sonda bir məqamı da nəzərinizə çatdıraq ki, VAZ avtomobillərinə qarşı bu hücum kampaniyası ölkəmiz üçün mənfi siyasi nəticələr də doğura bilər. Heç kimə sirr deyil ki, Rusiyanın hazırkı rəhbərliyi VAZ-ın qorunub saxlanması və satış bazarını genişləndirməsi üçün dövlət səviyyəsində tədbirlərə start verib. Hətta Vladimr Putin dövlət qulluğunda çalışan məmurlara məhz Rusiya istehsalı olan avtomobillərdən istifad etməyi əmr edib. Belə olan halda Azərbaycanın rus avtomobillərindən birmənalı şəkildə imtinası "rus ayısı"nı qəzəöləndirə də bilər.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-20 21:59:39
2024-11-20 16:34:41
2024-11-20 16:34:38
2024-11-20 13:30:49
2024-11-20 13:07:30
2024-11-20 11:27:13
2024-11-20 11:14:59
2024-11-20 11:11:40
2024-11-20 11:08:48
2024-11-20 11:03:55
2024-11-20 10:10:35
2024-11-20 09:57:13
2024-11-20 09:34:18
2024-11-20 09:19:09
2024-11-20 09:08:00
2024-11-19 16:34:46