ABŞ prezidenti Donald Tramp Yəmənə qarşı sanksiyaların müddətini bir il uzadıb.
Unikal.org xəbər verir ki, bu barədə Ağ evin saytına yerləşdirilən məlumatda bildirilir.
"Yəmən hökumətinin bir neçə sabiq üzvü və digər şəxslərin fəaliyyət və siyasəti Yəmənin dincliyi, təhlükəsizlik və sabitliyi üçün təhlükə yaratmaqda davam edir. Eyni zamanda onlar sülh prosesinə və 2011-ci il 23 noyabr tarixində Yəmən hökuməti və müxalifəti arasında imzalanmış sülh sazişinin reallaşdırılmasına maneəçilik törədirlər", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Yəmənə qarşı fövqəladə vəziyyət rejimi bir sıra məhdudiyyətlər göstərilməklə 2012-ci ilin mayında tətbiq olunub.