Nizami rayonu Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbin şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

Unikal.org xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq əlaqələri haqqında onlara geniş məlumat verib. Ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açan universitet rəhbəri “Bir günlük xəlifə” layihəsi barədə də danışıb: “Bir vəzifə uğrunda 25-30 nəfər bir-birilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən xəlifələr 1 gün ərzində tam ciddiyyətlə universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

Akademik Kamal Abdulla aprelin 19-da ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransından da söz açıb. Müxtəlif köçkün məktəbi şagirdlərinin həmin konfransda aktiv iştirakına toxunan rektor onların “Heydər Əliyev və Azərbaycanın gələcəyi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikulturalizm ənənələri” mövzusunda müxtəlif elmi işlər yazdıqlarını diqqətə çatdırıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı məktəbin 2 dəfə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin məktəbi adına layiq görüldüyünü bildirib. O, eyni zamanda məktəb şagirdlərinin uğurlarından da söz açıb.

Şagirdlər daha sonra universitetlə yaxından tanış olublar.

Qeyd edək ki, ADU-nun Təhsil və Filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi Milli Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyan 220 saylı orta məktəbdə pedaqoji təcrübədədirlər.