"Facebook” sosial şəbəkəsi Yeni-Zelandiyanın Kraystçörç şəhərində baş vermiş terror aktından sonra canlı yayım siyasətini sərtləşdirib.
Unikal.org xəbər verir ki, bundan sonra “Facebook” qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyacaq.
Sosial şəbəkə yaxın həftələrdə bu məhdudiyyətləri digər sahələrə də tətbiq etməyi planlaşdırır. “Facebook” ilk növbədə qaydaları pozan müştərilərin platformada reklam yerləşdirməsini də məhdudlaşdırmaq istəyir.
Xatırladaq ki, martın 15-də cümə namazı vaxtı Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeni Zelandiyanın hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
Terrorçu, 28 yaşlı avstraliyalı Brenton Tarrant hücum anlarını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb. “Facebook” kompaniyasının məlumatına əsasən, hücumdan sonrakı 24 saat ərzində şəbəkədən 1,5 milyona yaxın video çıxarılıb.