Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu" mövzusunda konfrans keçirəcək.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, konfrans Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliynin gücəndirilməsi layihəsi çərçivəsində baş tutacaq. Konfransda QHT və media rəhbərlərinin, millət vəkillərinin, dövlət qurumlarınının və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Konfransda son zamanlar ölkədə həyata keçirilən islahatlara vətəndaş cəmiyyəti tərəfindən zəruri dəstəyin təmin olunmasının formaları müzakirə ediləcək. Layihənin məqsədi qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik, həmçinin Qərbin insan hüquqları institutlarının ölkəmizə qərəzli mövqeyi fonunda yerli QHT-lərin vəzifələrini müəyyənləşdirməkdir.   Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara vətəndaş cəmiyyətinin dəstəyini gücləndirmək, milli maraqların təminatında ictimaiyyətin rolunu artırmaq, dövlət-cəmiyyət münasibətlərinin inkişafına çalışmaq, islahatları təbliğ etmək layihənin əsas məqsədlərindəndir.

Üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək. Bakı, Gəncə və Quba şəhərlərində konfrans və tədbirlər təşkil olunacaq. Konfranslarda sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti, islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu, cəmiyyətin islahatların icrasına münasibəti müzakirə olunacaq. Həmçinin Prezident Administrasiyası və Milli Məclisdə görüşlər keçiriləcək.

Layihə ilə bağlı internet aksiyalar təşkil olunacaq. Facebook sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində  sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılacaq. Ayda iki dəfə olmaqla ictimai müzakirələr təşkil ediləcək. İctimai müzakirələrin aktivliyinin təmin edilməsi üçün geniş təbliğat və reklam kampaniyası təşkil ediləcək.