Barəsində cinayət işi başlanılan Vergilər Şöbəsinin direktorunun vəzifəsi başqa şəxsə həvalə olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə, işçdən çıxarılan Ağdam rayon Vergilər Şöbəsinin sabiq direktoru Valeh Qasımovun vəzifəsi Quliyev Habil Asif oğluna tapşırılıb. Habil Asif oğlu Quliyev bundan əvvəl Ağdam rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinə xidmət və uçot bölməsinin rəhbəri vəzifəsində çalışıb.
Xəbəri Ağdam rayon Vergilər Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma nəticəsində Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.
Famil Fərhadoğlu