Azərbaycan Dillər Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə seçim turu olub. Müsabiqə “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında məktəblilər arasında keçirilib.

Unikal.org xəbər verir koi, seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının tələbələri qatılıblar. Çinin Azərbaycandakı səfirliyinin siyasi söbəsinin müdiri Cen Xaynin bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir.

O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar və bu “dil körpüsü” vasitəsi ilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verməyi arzu edib. ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artdığını  qeyd edib. O, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib.

Belə ki, iştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çinin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər. Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Qiymətləndirilmə zamanı ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun  şagirdi Həsənova Xədicə  II yerə laiq görülüb.