Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Hikmət Babaoğlu, Hüseynbala Mirələmov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Unikal.org xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. Cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan danışan rektor, professor Mustafa Babanlı Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən rektor Mustafa Babanlı hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən H.Babaoğlu bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü qeyd edib.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov uzun illər Rusiya imperiyasının əsarətində qalan ölkənin olduqca mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini qeyd edib. Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yarandığını diqqətə çatdıran H.Mirələmov demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan olunması, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirildiyini bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov hazırda müasir Azərbaycan Respublikasının şanlı tarixi yol keçmiş Cümhuriyyətin varisi olduğundan hər bir Azərbaycan vətəndaşının şərəf duyduğunu bildirib. Hazırda Azərbaycanın heç vaxt olmadığı qədər güclü olduğunu qeyd edən Salman Salmanov hər bir vətəndaşın Prezident İlham Əliyevin arxasında dayanmalı olduğunu vurğulayıb.