Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov heç bir əsas olmadan bir neçə gənc kadrın ərizəsini alaraq işdən çıxarıb.
Bu barədə Unikal.org-a vəzifəsindən azad olunan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müraciət ediblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinə rəis təyin olunanda hamımız sevinirdik. Onun xidmətə yeniliklər gətirəcəyinə, şəffaf fəaliyyət göstərəcəyinə inanırdıq. Ancaq ümidlərimiz özünü doğrultmadı. Bir çox gənc kadr ləkələnib işdən çıxarıldı. Yaqub Yaqubov, Taleh Abdulmanafov, Şəhriyar Tarıverdiyev kimi əməkdaşlar işdən çıxarıldı.Əvəzində Emin Bağırov və bacısı Çinarə Bağırova Rusiya Federasiyasının vətəndaşları olduqları halda Azərbaycanın hüquq-mühafizə orqanı olan Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunaraq onlara xüsusi rütbələr verildi. Məgər əcnəbi olduqlarını tərcümeyi-hallarında və anketlərində göstərməmişdilər? Bəs kadrlar aparatı hara baxırdı? Necə oldu ki, əcnəbi vətəndaş Vüsal Hüseynovun dövründə xidmət rəisinin baş köməkçisi vəzifəsinə təyin edildi və ona böyük səlahiyyətlər verildi. Xidmət rəisinə məruzə olunan sənədlərin əcnəbi vətəndaşın əlindən keçməsi qanunvericiliyə zidd deyildimi? Bu azmış kimi Emin Bağırovun bacısı Rusiya Federasiyası vətəndaşı Çinarə Bağırova müsabiqədən kənar işə qəbul edilib və dörd ay ərzində ona xüsusi rütbə verilərək baş inspektor təyin edildi. Halbuki digər əməkdaşlar baş inspektor olmaq üçün 4-5 il gözləməli olurlar. Hər bir ölkənin vətəndaşının həmin dövlət qarşısında öhdəlikləri vardır. Rusiya Federasiyası qarşısında öhdəliyi olan Emin Bağırov necə xidmət rəisinin baş köməkçisi, bacısı isə vətəndaşlıq məsələləri idarəsinin baş inspektoru oldu? Onlar işə qəbul olunarkən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini hansı yolla əldə ediblər? Onların əldə etdikləri Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri də ayrıca araşdırılmalıdır. Kadrlar və kadr hazırlığı İdarəsinin rəisi, polkovnik Vəfa Əsədova işə qəbul edərkən Bağırovların sənədlərini necə hazırlayıb ki, onların əcnəbi olduqlarını bilməyib? Emin Bağırov əcnəbi olduğu üçün 03.04.2019-cu li tarixində 174 nömrəli əmrlə vəzifəsindən azad edilir, sonra bacısı işdən çxarılır. Lakin növbəti gün Emin Bağırov mülki şəxs kimi geri qaytarılaraq işini davam etdirir. Məsələ bununla bitmir. Vüsal Hüseynov Miqrasiya Xidmətinin elan etdiyi tenderləri udan "Agile Solutions" şirkətinin direktoru İlqar Əlizadəni xidmətin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Baş İdarəsi rəisinin vəzifəsini icra edən şəxs kimi təyin edib. Onun rəhbərlik etdiyi şirkət xidmətin bütün proqramlarını müqavilə əsasında yazan və ödənişli texniki xidmət göstərən bir müəssisədir. Halbuki İlqar Əlizadə hərbi xidmətdə olmayıb, onun ali təhsili yoxdur. Ali təhsili olmayan, hərbi xidmət keçməmiş İlqar Əlizadə necə və ya nə üçün hüquq-mühafizə orqanında İnformasiya təminatı baş idarəsinin rəisi vəzifəsini icra edir? Xidmətin inspektoru Habil Məmmədov məhkəmənin qərarı əsasında işə bərpa edilir, növbəti gün ərizəsi alınıb işdən azad edilir. Bu aparılan kadr siyasətinə nə ad verək? Xahiş edirik ki, aidiyyatı dövlət qurumları Dövlət Miqrasiya Xidmətindəki özbaşınalıqlarla bağlı ölçü götürsünlər. Sadaladığımız faktları araşdırsınlar."
Orxan Həsənli