Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa təşkil olunub.
Unikal.org xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov vətən tarixinin ən şərəfli səhifələrindən biri olan 28 MAY – Respublika Günü münasibətilə işturakçıları təbrik etdi. Rektor İ. Mədətov və tədbirdə məruzə ilə çıxış edən “Heydər Əliyev lektoriyası”nın rəhbəri M. Zülfüqarlı diqqətə çatdırdılar ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən Azərbaycan Xalq Cümhuriyyəti bolşevik rusiyası tərəfindən işğalına kimi – yəni 23 ay ərzində öz üzərinə götürdüyü çətin tarixi missiyanı şərəflə yerinə yetirdi.
Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi. Diqqətə çatdırıldı ki, 101 il əvvəl Tiflisdə İstiqlal bəyannaməsini imzalayan və o tarixi missiyada müəyyən səbəb üzündən şəxsən iştirak edə bilməyən 76 nəfər Avropa təhsilli, o cümlədən Məşhəddə, Nəcəfdə, Kərbəlada təhsil alan digər aydınlarımızın bir amalı vardı. İstiqlalımızı bütün dünyaya bəyan etmək. Nə yazıq ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz şərəfli tarixinə son qoymağa məcbur edildi. Azadlıqsevərlər müstəqillik ideyalarını qanlarında, canlarında yaşatdılar. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizi yenidən bərpa etdilər. Bu gün fəxrlə deyirik: Biz Müstəqil Azərbaycan Rüspublikasının vətəndaşlarıyıq. Bir kərə yüksələn bayraq bir daha enməz.