Bu il taxıl biçini zamanı fermerlərin kombaynla təmin edilməsində problem olmayacaq.
Unikal.org xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, taxıl biçini zamanı kombaynla bağlı problemlərin yaranmaması üçün bir sıra tələblər irəli sürülüb:
"Kombaynları lizinqə götürən mexanizatorlar qarşısında şərt qoyulub ki, ilkin mərhələdə 50 hektardan artıq sahələrdə biçin aparmasınlar. İkinci şərt odur ki, kombayn hansı rayon ərazisindən götürülübsə, biçin o ərazidə aparılsın. Bundan əlavə kombaynlara GPS aparat quraşdırılıb, dislokasiya ərazisindən kənara çıxmağına nəzarət olunur. Həm də yerlərdə bu işə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları nəzarət edəcəklər. Əsas məsələ taxıl biçinini minimum itki ilə başa vurmaqdır".
V.Hüseynov qeyd edib ki, ölkədə 1 milyon 83 min hektarda taxıl əkilib və taxıl sahələrinin 89 faizi 50 hektardan aşağıdır:
"Böyük fermer təsərrüfatlarına tövsiyə edirik ki, özlərinə kombayn alsınlar, dövlətin sosial xarakterli layihələrindən yararlanmasınlar".
Nazirlik rəsmisi həmçinin hektara görə biçin qiymətinin maksimum həddinin də müəyyənləşdirildiyini qeyd edib.
"Ötən il taxıl biçini hektara görə 30 manat idi. Lakin çox vaxt mexanizatorlar təlabat yüksək olduğu üçün taxılı daha yüksək qiymətə biçirdilər. Bu il isə hektara görə maksimum biçin qiyməti 38 manat həcmində müəyyənləşib. Yəni bundan artıq məbləğ tələb edilə bilməz".