Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.
Unikal.org xəbər verir ki, "Rossiya-24" telekanalının "Xəbərlər. Növbətçi hissə" proqramının müxbiri İvan Litomin rayon başçısına dörd il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də qeyri-insani şəraitdə yaşadıqları haqda sual verib. Bundan sonra rayon başçısı jurnalistə hücum edib və onu döşəməyə yıxıb. Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.
Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.
Sergey Zaytsev isə yerli KİV-ə insidenti şərh edərkən jurnalistləri "təxribatçı" adlandırıb. Məmurun dediyinə görə, o, sadəcə olaraq, jurnalistlərdən kabineti tərk etməyi tələb edib.
Xakasiya üzrə İstintaq İdarəsi isə bildirib ki, insidentlə bağlı araşdırma gedir. Zaytsevin üzvü olduğu hakim "Vahid Rusiya" partiyası isə onun məsələsinə etika komissiyasının baxacağını açıqlayıb. Partiya Zaytsevin hərəkətinə görə üzr istəyib.
Xakasiyada irimiqyaslı yanğınlar 2015-ci ilin aprelində baş verib. Həmin vaxt 32 sakin həlak olub, 1500-dən çox ev yanıb. 5 minə yaxın adam evsiz-eşiksiz qalıb. Prezident Vladimir Putin yanğınla bağlı Xakasiyaya gedib və tapşırıb ki, bütün zərər çəkənlərə sentyabrın 1-nə qədər ev verilməlidir. Lakin zərər çəkənlərin çoxu hələ də evsiz-eşiksizdir.
Rusiya İstintaq Komitəsi ona sərt sual verdiyi üçün jurnalisti yerə çırpan rayon başçısı barədə cinayət işi qaldırıb. İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə Xakasiyanın Şirinsk rayonunun başçısı Sergey Zaytsevin barəsində jurnalistin peşə fəaliyyətinə mane olmaq maddəsi ilə cinayət işi başladılıb.