Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.
Dövlət Turizm Agentliyindən Unikal.org-a verilən məlumata görə, ən böyük artım 22 faiz olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.
BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3 faiz) və İsraildən (70.1 faiz) gələn qonaqların sayı artıb. Ümumilikdə apreldə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12 faiz artım baş verib.
Cənubi Asiyadan Hindistan, Mərkəzi Asiyadan isə Türkmənistan müvafiq olaraq 95 faiz və 144 faiz artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4 faiz) və Mərkəzi Asiyadan (44.2 faiz) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.
Türkiyədən gələn turistlərin sayında 10 faiz artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.
2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, də Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumilikdə 848 min xarici vətəndaş ziyarət edib.