“BestComp Group” MMC “AXA MBASK” Sığorta Şirkəti ASC-ni məhkəməyə verib.
Unikal.org-un məlumatına görə, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC sığorta şirkətindən 35 min 605 manat sığorta ödənişinin tutulmasını istəyib.
İddiaçı ərizəsi onunla əsaslandırıb ki, “BestComp Group” MMC ilə “AXA MBASK” Sığorta Şirkəti ASC arasında 2018-ci ildə müqavilə bağlanılıb.
Müqaviləyə görə, sığorta şirkəti Binəqədi rayonu, Atatürk prospekti 30/78 ünvanında yerləşən kompüter texnikasının satışı mərkəzindəki daşınar əmlakları 200 manat dəyərində sığortalayıb. 23 sentyabr 2018-ci il tarixində bütün Bakı şəhərini əhatə edən (leysan nəticəsində suyun səviyyəsinin kəskin artması, nəqliyyatın hərəkətinin iflic olması və s.) məlum hadisə ilə bağlı satış mərkəzi də güclü leysan suları altında qaldığından, bir sıra daşınar avadanlıqlar sıradan çıxmış və nəticədə MMC-yə 35 min 605 manat maddi zərər dəyib.
Bu barədə dərhal cavabdeh “AXA MBASK” Sığorta Şirkəti ASC-nə məlumat verilib. Bundan sonra sığorta şirkətinin tələb etdiyi müxtəlif sənədlər, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentini № 20/896 nömrəli 29.10.2018-ci il tarixli sığorta hadisəsini təstiq edən cavab məktubu cavabdehə rəsmən təqdim olunub. Daha sonra sığorta şirkəti sığorta ödəməkdən yayınıb.
Məhkəmənin qərarı ilə MMC-nin iddiası təmin edilməyib.