“İnnovasiya Festivalı” çərçivəsində 31 may tarixində Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst & Young” şirkətinin təşkilatçılığı ilə qlobal tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdən əvvəl jurnalistlər üçün mətbuat konfransı təşkil edilib. Media nümayəndələrinə “EU4Digital” proqramı haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, sözügedən proqramın əsas məqsədi Avropa İttifaqının vahid rəqəmsal bazar üzrə faydalarını “Şərq Tərəfdaşlığı” ölkələrinə çatdırmaqdır.
Tədbirdə Avropa Komissiyasının, “Ernst & Young” şirkətinin nümayəndələri, ölkəmizdə elektron ticarət, elektron gömrük, rəqəmli etimad və təhlükəsizlik, İKT innovasiya, elektron təlim, elektron səhiyyə sahələrində çalışan dövlət, özəl, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
“EU4Digital” proqramı üzrə komanda rəhbəri Arturas Piliponis təqdimatla çıxış edib və proqramın mahiyyəti barədə ətraflı məlumat verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, biz bir neçə ildir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının rəqəmli bazarların harmonizasiya təşəbbüsünün iştirakçısıyıq. Ümumilikdə 6 istiqamət üzrə fəaliyyət göstərilir. Azərbaycan İKT və innovasiyalar istiqamətinin əlaqələndiricisi rolunda çıxış edir.
Nazir müavini Azərbaycanda bu sahə üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər haqqında məlumat verib. Eyni zamanda ölkəmizdə innovasiyalar üzrə həyata keçirilən uğurlu fəaliyyət barədə danışıb.
Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.