Əmlak Məsələləri Dövlət Komitəsi investorlara növbəti dəfə əmlak sahibi olmaq imkanı yaradır. Belə ki, budəfəki hərrac iyulun 2-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 85 əmlaklardan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.
Unikal.org xəbər verir ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 5-i sənaye, 1-i səhiyyə qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və təmir sahələrinə aiddir.
Özəlləşməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Abşeron rayonunda yerləşən 30 saylı mağazanı nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 184,6 kv.m, torpaq sahəsi isə 231 kv.m təşkil edir. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
Bundan başqa sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. "Çinar" soyuducular zavodunun Şəmkir filialı belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 2 min 100 kv.m-ə yaxın, torpaq sahəsi isə 27 min kv.m-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi bu məhsulla bağlı tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.
Özəlləşməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 5-i paytaxtda, qalanları respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 24 kv.m ilə 200 kv.m arasında dəyişir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis“, “Bərdə Kərpic”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı Özəlləşmə portalının “Hərraclar” bölməsindən (http://www.privatization.az) əldə etmək olar.
Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür.