Almaniyanın Münhen şəhərində “Nəqliyyat və logistika” sərgisi keçirilir. Bu sərgi Avropada miqyasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur.
Unikal.org xəbər verir ki, 4-7 iyun tarixlərində Münhen Messe mərkəzində keçirilən sərgidə ilk dəfə olaraq, Azərbaycanın milli stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azərbaycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verirlər. Həmçinin, əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar apararılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti innovativ məhsulları, xidmətləri və imkanları təqdim edir.
Qeyd edək ki, ekspozisiya Münhen Messe sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydançalarında yerləşdirilib. 115 000 m2 sahəsi olan, 62 ölkədən 2500-ə yaxın iştirakçının, eləcə də 123 ölkədən 60000-dən artıq ziyarətçinin qatıldığı “Nəqliyyat və logistika" sərgisi nəqliyyat və logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda əhatəli konfrans proqramı təklif edilir, həmçinin, məlumat mübadiləsi üçün platformalar yaradılır.