Gürcüstanda ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyində büdcə vəsaitlərinin mənimsənilməsi faktları aşkar olunub.
Unikal.org xəbər verir ki, 9 min lari məbləğində büdcə vəsaitlərinin 2017-2019-cu illərdə mənimsənildiyi müəyyən edilib.
Faktla bağlı birliyin direktoru Narine Ginosyan və onun mühasibi Anjelika Putulyana qarşı cinayət işi açılıb.
N.Ginosyanın vəkili Mirian Nikoladze müdafiə etdiyi şəxsə qarşı ittihamları gülünc adlandırıb. O, bu işdə Gürcüstan parlamentinin erməni əsilli deputatı Enzel Mkoyanı ittiham edib.
Onun sözlərinə görə, parlament üzvü N.Ginosyana dəfələrlə intim münasibətlər təklif edib. E.Mkoyan rədd cavabı alıb və o, N.Ginosyan üçün problemlərin olacağını bildirib.
Vəkil deputatın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq və rayon prokurorluğuna dəfələrlə müraciət edildiyini deyib.
E.Mkoyan ünvanına səsləndirilən ittihamlarla bağlı xüsusi bəyanat yayıb.
O, ittihamların ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu bildirib. Deputat bu kampaniyada müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvlərini günahlandırıb.
E.Mkoyan ona qarşı qarayaxma kampaniyasının dayandırılmasını tələb edib. Əks halda o, şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.