Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi.
Azərbaycanda dövlət mülkiyyətində olan ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarılıb.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarına etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, bundan sonra ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq.
May ayından ölkə ərazisində nəqliyyat şirkətlərinin sərnişin daşımalarına cəlb olunması qaydası dəyişib. Bundan sonra Bakı Sumqayıt vəGəncə şəhərlərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi Nəqliyyat Nazirliyi deyil, müafiq icra hakimiyyəti yanında avtomobil nəqliyatı ilə sərnişindaşıma idarəsi iştirak edəcək.
Daha dəqiq desək, sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi səlahiyyəti Nəqliyat Nazirliyindən alınıb.
Bu ilin mart ayında isə Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən daha biri ləğv olunub. Dəyişikliyə əsasən bundan sonra iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) yalnız Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. (Anspress.com)