Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə keçirilən operativ-taktiki təlimlərin videofilimini yayımlayıb.
Unikal.org nazirliyin saytına istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.
Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılıb. Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetirilib.