"Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir ki, parlament üzvləri cəmiyyət qarşısında hesabatlıdır, millət vəkilləri mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim odur. Siyasi fəaliyyətimin ən böyük mükafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə on illərlə davam edən şərəfli xidmətimizin üstünə tikmək və siyasi tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil".
Bunu Milli Məclisin son iclasındakı insidentlə bağlı İntizam Komissiyasının şifahi töhmətini şərh edən deputat Zahid Oruc deyib.
O, Heydər Əliyevi yalnız dövlətin ali icra hakimiyyəti orqanlarının deyil, parlamentinin də qurucusu olduğunu bildirib: "Ulu öndər bütün zamanların spikeridir və onun cəmi 4 aylıq parlament rəhbərliyi əsil siyasi məktəbdir. 4 iyun hadisələrindən sonra ölkədə tüğyan edən xaosa, hərbi-silahlı qüvvələrin hakimiyyət uğrunda savaşına, daxili separatizmə və xarici təcavüzə, həmçinin vətəndaş qarşıdurmasının Milli Məclisin dəhlizlərinə keçməsinə baxmayaraq, Azərbaycanı normal relslər üzərinə daşımağa nail olan Heydər Əliyev parlamentdə bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək üçün geniş meydan verirdi və bütün idarəçilyi illəri ərzində dövlət başçısı siyasi kursunun bu təməl prinsipinə dönmədən sadiq qaldı. O, heç kəsə Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə daxili məhkəmə qurmadı. Deputatların danışmaq hüququnu müəllimin təhsil vermək, həkimin müalicə etmək haqqı kimi fundamental hesab edirəm".
Son hadisələrlə bağlı ona ünvanlanan sualları cavablandırmayacağını deyən millət vəkili bunu əldə olunmuş razılığın şərtlərini pozmaq istəməməsi ilə əlaqələndirib və mövzunun siyasi gündəmdən düşməsində maraqlı olduğunu bildirib: "Mənim adım keçən məsələdə hakimiyyətin mühüm qollarından birinin tənqid olunmasını istəmirəm, lakin bizlər danışmaq haqqımıza görə ölkəmizdə bərqərar olunan demokratik prinsipləri Məclisdə də hər zaman nümayiş etdirməliyik. Mən bütün siyasi fəaliyyətim illərində Ulu Öndərə, dövlətimə və təmsil etdiyim insanlara xidmət edərkən mükafatı parlamentdən gözləmədim. Bizim hər birimizə dəyər verən və qiymətləndirən birinci şəxsdir. Onun ədalət hissi isə hər kəsdən yuxarıdadır. Ona görə də şərəfli işimizi əzmlə davam etdirərkən birindən mükafat, başqasından cəza alacağımızı alnımızın yazısı kimi qəbul edirik".
Qeyd edək ki, Milli Məclisin İntizam komissiyasının ötən gün keçirilən iclasında parlamentin 24 iyunda keçirilən plenar iclası zamanı deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında düşən mübahisə ilə əlaqədar sonuncunun müraciəti əsasında məsələyə baxılıb və Z. Oruca şifahi töhmət elan olunub. (APA)