“Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı. Hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. "Azadlıq" meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünümüdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. “Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün “Yeni Müsavat” Milli Azadlıq Hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycanda xalq hərəkatını, ziddiyyətli və kəskin prosesləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrü, həmin dövrdə çox gərgin hərbi əməliyyatları, Azərbaycanda dövlət strukturlarının formalaşmasını, dövlətçilik ənənəsinin bərpa olunmasını, ölkənin sabit inkişaf mərhələsinə qədəm qoymasını, sonrakı dövrdə güclənməsi və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsini, öz gücünü və mövqeyini dünyada nümayiş etdirmək imkanlarını əldə etməsini öz səhifələrində əks etdirən çox azsaylı qəzet var.