İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib.
Unikal.org-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, xarici vətəndaşlara ovçuluq biletlərinin verilməsi hələlik nəzərdə tutulmur: Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".
H.Əlizadə bildirib ki, vətəndaşlar ov icazələrinin alınması üçün yaşadıqları regional idarələrə müraciət etməlidirlər: "Vətəndaş ov icazəsinin alınması üçün ovçuluq biletini təqdim edir. Amma ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq, fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarında hər bir quşa, heyvana görə ayrılıqda müəyyən edilmiş ödəmə əmsalı qeyd olunub".
H.Əlizadə əlavə edib ki, qanunsuz ova görə cərimələr İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Bu cərimənin məbləği min manatdan iki min manata qədərdir: "İstər yerli, istər xarici vətəndaş ov obyektinin sayına uyğun da cərimə ödəyir. Təbiətə dəyən zərərin miqdarı 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılır".