Dünən Qaradağ rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə təntənəli bayraq yürüşü keçirilib.
Unikal.org xəbər verir ki, yürüş Lökbatan qəsəbəsinin 28 May küçəsini əhatə etməklə Ə.Əmirov adına Mədəniyyət Sarayına kimi davam edib.
Sarayın foyesində 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin Milli Bayrağımızı əks etdirən rəsmlərindən və əl işlərindən ibarət guşə sərgilənib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışıb: “Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvanın ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsdiq olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı. 21 may 1991-ci ildə isə Bayrağımız Azərbaycan Parlamentinin üzərinə qaldırıldı. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd edilir”.
O, Dövlət Bayrağının dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından danışıb. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan çıxışçı sozügedən atributları gənc nəslə daim uca tutmağı tövsiyə etdi.
Daha sonra Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert keçirilib.