Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və onun rəhbərlik etdiyi milli nümayəndə heyətinin üzvləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində QDİƏT PM-in 61-ci Büro və daimi komitənin iclasında, həmçinin qurumun Baş Assambleyasının 54-cü plenar iclasında iştirak etmək məqsədilə səfərdədirlər.
Unikal.org xəbər verir ki, QDİƏT PM- in Baş Assambleyası işçi qrupunun, 61-ci Büro və daimi komitənin iclasları keçirilib. Bolqarıstan Parlamentinin spikerinin sədrliyi ilə keçirilən iclaslarda milli nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev çıxış edib. E. Quliyev, eyni zamanda, reqlament üzrə işçi qrupa da rəhbərlik edib.
Qeyd edək ki, Daimi Komitənin 54-cü iclası isə bu gün öz işinə başlayır. İkigünlük 54-cü plenar iclasda cari ilin iyun ayında Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək. Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar olan orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi diskussiyada Avropa Birliyi ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.
Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması; nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri; bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularına dair məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarları qəbul ediləcək.
Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.
Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM Sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər həll olunacaqdır.
Səfər noyabrın 22-də başa çatacaqdır.