Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

Unikal.org xəbər verir ki, daxil olan məlumat əsasında Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri,  M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. Reyd zamanı sexdə  qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların  hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.

Eyni zamanda müəssisədə müxtəlif brend markalı  istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq , 6500 ədəd aksiz marka , 500 ədəd "Ruskıy Standart" etiketi , 400 ədəd stiker , 1500 ədəd QR-kod , filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülmüşdür.

Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin  satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.