İrandan Azərbaycana satmaq məqsədi ilə 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Masallı rayon sakini əvvəllər dəfələrlə məhkum olunmuş İntiqam Hüseynov Cəlilabad rayonu Muğan kəndi ərazisində saxlanılıb. Onun idarə etdiyi “VAZ 21015” markalı avtomobilin salonuna baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisin 2 kiloqram 630 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı İ.Hüseynov həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı “Mehdi” adlı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. İntiqam Hüseynov ifadəsində əvvəllər də dəfələrlə “Mehdi” adlı şəxsdən narkotik vasitələr əldə edərək onların Bakı şəhərində satışını təşkil etdiyi bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.