Xızı rayonunda top mərmisi və raketlər tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, dekabrın 11-də saat 17:10-da Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumatın iş gününün sonunda daxil olmasını və ərazinin yaşayış sahəsindən uzaqda yerləşməsini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dekabrın 12-də həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 107 mm-lik raket (TR-107) və 2 ədəd partlamış-yanmış 122 mm-lik 9M22S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin və raketlərin ətrafında 2 500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.