Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir.
Unikal.org xəbər verir ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi uğurla baş tutub. Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazısı təhvil verilib. Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin 8-ci sinif şagirdi Dadaşova Leyla Elnur qızı qalib elan olunub. Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə Azərbaycanda 1-ci yeri tutan Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunub. Sonda 3 əsas qalib müəyyən edilib. Sevindirici haldır ki, dünya üzrə 3 əsas yerin qaliblərindən biri Azərbaycan məktəblisi Leyla Dadaşova olub və o, 3-cü yerə layiq görülüb. Bu nəticəyə görə azərbaycanlı şagird bürünc medal qazanıb. Qalib məktəblinin bürünc medalını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ona təqdim edib.
Qeyd edək ki, azərbaycanlı məktəbli yazdığı inşanı müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinqə həsr edib. Yazıda hərəkət və danışıq qabiliyyətini itirməsinə baxmayaraq böyük uğurlar əldə edən alimin hər kəsə nümunə olmasından bəhs olunur. Müəllifin bu mövzuya müraciət etməsinin səbəbi isə qardaşının autizm sindromundan əziyyət çəkməsidir.
Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. Leyla Dadaşova ÜPİ-nin təşkilatçılığı ilə 48 ildir keçirilən bu yarışmada qalib olan ilk azərbaycanlıdır.