Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya Assambleyasının İcraiyyə Komitəsinə üzv seçilib.
BNA-dan Unikal.org-a bildirilib ki, bu barədə qərar Assambleyanın Moskvada keçirilən toplantısında qəbul edilib. 2020-2022-ci illəri əhatə edəcək üzvlük müddətində agentlik UITP-in ən böyük qollarından biri hesab olunan Avrasiya Assambleyasının illik iş planının hazırlanması və təsdiqlənməsində yaxından iştirak edəcək.
Qeyd edək ki, assambleya Avrasiya regionundan olan üzv ölkələri özündə birləşdirir. Avrasiya bölməsi hazırda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Ukraynadan olan 45 üzvdən ibarətdir.
Moskva toplantısında, həmçinin Avrasiya Assambleyasının 2019-cu il üzrə fəaliyyət hesabatı, növbəti il üçün fəaliyyət istiqamətləri, UITP Tədris Mərkəzinin təqdimatı, üzvlük bazası, 2020-2021-ci illər üzrə tədqiqat fəaliyyəti kimi məsələlər müzakirə olunub.
İcraiyyə Komitəsində təmsilçilik Bakı Nəqliyyat Agentliyinə xarici təcrübəyə birbaşa çıxış imkanı yaradacaq, müxtəlif ölkələrin şəhərlərində çalışan müvafiq sahə mütəxəssisləri ilə sıx işgüzar əlaqələrin qurulmasına yardım edəcək, beynəlxalq assosiasiyanın digə struktur bölmələrində daha yaxından təmsil olunması prosesinə təkan verəcək.
Komitəyə üzvlük agentliyin mütəxəssislərinin təşkilatın müxtəlif seminar, eyni zamanda, proqramlarında iştirakı da mümkün olacaq ki, bu da kadrların peşəkarlıq səviyyəsinin artırılması baxımından da vacib amildir.