Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Elmira Qocayeva, Sabir Quluzadə və Sənubər Qənbərova Rumıniyanın Buxarest şəhərində “Artifeks” Universitetinin təşkilatıçılığı ilə keçirilən  “Bilik cəmiyyətində  innovativ iqtisadi-sosial  yanaşmalar” adlı beynəlxalq konfransa qatılıblar.

Unikal.org xəbər verir ki, sözügedən beynəlxalq tədbirdə Azərbaycan, Rumıniya, Bolgariya, Serbiya, Rusiya, Moldova, İtaliya, Ukrayna və digər ölkələrin aparıcı ali məktəblərinin professor-müəllim heyəti, eləcə də müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər. Elmira Qocayeva “Turizm sahələrində rəqabətqabiliyyətli indeksə əsaslanan tədqiqatların aparılması” mövzusunda etdiyi çıxışında Azərbaycanın turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, M.Porterin rəqabətqabiliyyətlilik konsepsiyası və onun bazasında hesablanılan turizmin rəqabətqabiliyyətliliyi indeksinə təsir göstərən indikatorlar üzrə qiymətləndirmələr məsələlərinin geniş şərhini verib. Sabir Quluzadə “Milli valyutanın devalvasiyasının Azərbaycanın istehsal sənayesinə müsbət təsiri”nə dair məruzəsində Azərbaycanın əmtəə ixracı, xarici ticarətin, milli iqrisadiyyatın beynəlxalq rəqabətliliyinin artması, ölkənin strateji valyuta ehtiyatlarına aydınlıq gətirib. Sənubər Qənbərova isə “Turizm XXI əsrdə sosial-iqtisadi fenomen kimi” mövzusunu ehtiva edən məruzəsində XXI əsrdə dünyada və Azərbaycanda turizmin əsas inkişaf etmiş istiqamətləri  və destinasiyaları haqqında detallı məlumat verib. 

 Həmçinin Rumıniyanın Buxarest şəhərində “Artifeks”Universitetinin təşkil etdiyi  “Bilik cəmiyyətində innovativ iqtisadi-sosial yanaşmalar” adlı beynəlxalq konfransda ATMU əməkdaşları Azərbaycanın və Turizm və Menecment Universitetinin tanıtımını əks etdirən videoçarxları yayınlayıblar və Qarabağ həqiqətlərini iştirakçıların diqqətinə çatdırıblar.

Plenar iclasla işə başlayan tədbir öz fəaliyyətini müxtəlif bölmə iclaslarında davam etdirib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.