Samur çayı üzərindəki körpünün açılışı cari ilin dekabrın 24-də olacaq.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov AZTV-nin "Hədəf" verilişində bildirib.

Onun sözlərinə görə, bu il Samur çayı üzərində yeni bir körpünün tikintisi başa çatdırılıb: "1947-ci ildə müvəqqəti dəmir konstruksiyalar ilə Samur çayı üzərində tikilmişdi. Bu körpünün eni 7 metr idi və Azərbaycan ilə Rusiyanı birləşdirirdi. Biz onun yerinə 325 metr uzunluğa, 17,5 metr enə malik olan beton körpü tikdik. Körpünün açılışı dekabrın 24-də nəzərdə tutulur".

Xatırladaq ki, körpünün tikintisi ilə bağlı layihəni Azərbaycan ilə Rusiya maliyyələşdirib.

Körpünün kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub. Onun eni isə 3,75 metrdir.