Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, güllələnmə ilə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: "Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".
Xatırladaq ki, Balakən rayonunda Yeni Şərif kəndində, kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.