Astarada narkotik alverçisi tutulub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində 1 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. 

Onun üzərində keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T.Baxşiyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 380 qram narkotik vasitə olan heroin və 280 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 

Eyni zamanda T.Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ.Qulamovun “Mercedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.