Kənd Təsərrüfatı naziri İnam Kərimov bu gün Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Unikal.org xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazir İnam Kərimov “Kapital Bank” ASC-nin Xaçmaz filialında kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kartı”nın təqdim edilməsi mərasimində iştirak edib. Nazir İnam Kərimov fermerlərə aqrar subsidiyaların verilməsinin yeni mexanizmi barədə məlumat verib. Bildirib ki, 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Qeyd olunub ki, yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur.
Daha sonra nazir İnam Kərimov Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 38 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.
Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Dekabrın 25-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Quba, Şabran və digər rayonlardan olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul ediblər. Qubada keçirilən vətəndaş qəbulunda 10, Siyəzəndə keçirilən vətəndaş qəbulunda isə 10 vətəndaşın müraciətinə baxılıb, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.