Dekabrın 25-də “Excelsior” otelin konfrans zalında Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş və ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğinə və təşviqinə dair ictimai müzakirə keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi, Bakı şəhər Baş DYP İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi, Yaşıllar Hərəkatı, Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dəmir Yolları və digər qurumlar, eləcə də nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri olan hibrid və elektromobillərin ölkəmizə gətirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir: “Bir çox ölkələrdə hibrid maşınlarının ölkəyə gətirilməsində 60-70 faiz güzəşt tətbiq edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, “Yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir: “Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsidir”.

Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, üç dövlət qurumu yol-nəqliyyat hadisələri ilə bağlı tədbirlər planı hazırlanıb: “Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı birgə tədbirlər planı hazırlayıb. Sözügedən nazirliklərin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında qəza zamanı hansı işlərin görülməsi barədə regionlarda təlimlərə başlanılıb. Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri Ramin Bayramov bildirib ki, 2018-ci ilin göstəricilərinə əsasən, dünyada elektrikli avtomobillərin sayı 5,1 milyon olub: “Bu, 2017-ci ilin statistik göstəricilərindən təxminən iki dəfə çoxdur. Bir sıra beynəlxalq təşkilatların apardığı araşdırmaya görə, 2030-cu ildə dünyada elektrikli avtomobillərin sayı 120 milyona çatacaq. Bu istiqamətdə Azərbaycanda da müəyyən layihələrin icrası lazımdır. Biz də bununla bağlı aidiyyatı qurumlarla əməldaşlıq edirik. Ümid edirik ki, bunlar elektrikli avtomobillərdən istifadənin ölkədə genişləndirilməsində müsbət rol oynayacaq".

Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı bildirib ki, istər dünyəvi, istərsə də şəriət qaydaları ilə yaşayan ölkələrə nəzər salsaq, yaşamaq hüququ insanın ən öndə gələn hüququdur.