Bu gün Azərbaycan Dillər Universitetində ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq Münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru” mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org xəbər verir ki, tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.
Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Nərmin Qədirova “İlham Əliyev-uğurlu lider, düşünülmüş strategiya” adlı məruzə ilə çıxış edib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova “İlham Əliyev və Azərbaycan enerji diplomatiyasının yeni inkişaf mərhələsi” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının neft diplomatiyasının imperativi kimi ilkin nəhəng enerji layihələrinin və sonrakı mərhələlərdə alternativ enerji daşıyıcıları marşrutlarının yaradılmasını müəyyənləşdirmişdir.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan, Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bildirilib ki, ölkəmizə xarici ölkələrin başçılarının səfərləri daha da genişlənməkdədir, bu səfərlər zamanı ikitərəfli əlaqələrin qurulması və sənədlərin imzalanmasını müşahidə etməkdəyik.
Azərbaycan özünün multikultural dəyərləri ilə dünya ölkələrinə nümunədir. Bu nümunənin müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün isə onun layiqli davamçısı İlham Əliyev Azərbaycanı parlaq gələcəyə doğru aparır.
Dəyirmi masa tələbələrin sualları ilə başa çatıb.