Tərtərdə polis əməkdaşı bıçaqlanıb.
Unikal.org "report"a istinadən xəbərinə görə, hadisə dekabrın 26-da saat 19 radələrində, rayonun Buruc kəndində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.