Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində düz bağırsağından şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 11 qram qara rəngli narkotik vasitə - tiryək, üzərində "M40" yazılı və üzərində "Z40" yazılı "metadon" adlı həblər aşkarlanıb.
Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.